İrəvan polisi: "Vəziyyət nəzarətdən çıxıb" - SERJ SARKİSYAN MÜXALİFƏTƏ MƏĞLUB OLDU

Ermənistanda etiraz aksiyaları davam edir.


APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, "Vətəndaş anlaşması" partiyasının lideri Nikol Paşinyan etirazların 9-cu günündə də yolları bağlamağa davam edəcəklərini bildirib.


Səhər saatlarında yenidən başlayan mitinqdə etirazçılar Norsk massivində hərəkəti dayandırıb. Cavab tədbirlərinə əl atan polis kütləvi həbslərə başlayıb. Qarşıdurmada xəsarət alanlar var.


"İnqilab qaçınılmazdır" deyən Nikol Paşinyan mitinqlərin hakimiyyətlə danışıqlar başlanana qədər davam edəcəyini vurğulayıb. Etirazçıların qarşısını ala bilməyən İrəvanın polis rəisinin müavini Valeri Osipyan Nikol Paşinyandan hərəkətə mane olmamaqla marşa davam etmələrini xahiş edib. "Artıq vəziyyət nəzarətdən çıxıb" deyə Osipyan qeyd edib.


Nikol Paşinyan meqafon vasitəsilə ətrafda yaşayan insanlara səslənərək onları Serj Sarkisyana qarşı etirazlara qoşulmağa dəvət edib. O, əlində hakimiyyətdən tələblərin yazıldığı ultimatumu da nümayiş etdirib.


Ölkədə mitinqlərin səngimədiyini və vəziyyətin gündən-günə pisləşdiyini görən Serj Sarkisyan Nikol Paşinyanla danışıqlar aparmağa razılıq verib:


"Mən baş verənlərdən olduqca narahatam. Vəziyyətin daha da pisləşməməsi üçün Nikol Paşinyanı siyasi dialoqa dəvət edirəm. Danışıqlar dərhal baş tutmalıdır. Düşünürəm ki, artıq real vəziyyət müzakirələr tələb edir və bu müzakirələrdə bütün tərəflər iştirak etməldir".

 

Müəllif | Apa.Tv
Apa.tv