Azərbaycanın yeni baş naziri: "Bu günə qədər çox danışmağı sevirdim, bundan sonra..."
Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb. APA TV-nin məlumatına görə , iclası spiker Oqtay Əsədov açıq elan edib.
Oqtay Əsədov bildirib ki, İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona sonsuz inam və yüksək qiymət verməsinin göstəricisidir: "Prezidentin andiçmə mərasimini Milli Məclisdə keçirməsi onun parlamentə yüksək dəyər verdiyini göstərir".
Sonra Milli Məclis adından prezidentə təbrik teleqramı ünvanlanıb.
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: "O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir".
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasizadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.
O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.
Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edildikdən sonra çıxış edib.
"Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra başqa bir sahəyə keçmək lazımdır, daha çox işləmək lazımdır".
O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir: "Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik".
N. Məmmədov ona göstərilən yüksək etimada görə prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib: "Azərbaycan prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm".
Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: "Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".