"Suyumuza dərman qatacaqlar" - XAÇMAZDA FERMER-SAKİN QARŞIDURMASI

Xaçmazın Pərdiqıran kənd sakinləri kəndə gələn suyun qarşının alınacağından və mənbəyin yerləşdiyi ərazidə tikiləcək balıqçılıq təsərrüfatından suya kimyəvi maddələr qatılacağından narahatdır.


Kənd sakinləri APA TV-nin Şimal bürosuna bildirib ki, bu sudan həm içmək üçün, həm də ev təsərrüfatlarında istifadə edirlər. Onlar ərazidə salınacaq gölün isə suyun tərkibini dəyişdirəcəyinə və gələcəkdə su problem yaradacağını deyir:

"Mən kəndin başında yaşayıram. İki nəvəm var, bu sudan içirəm.  Bundan sonra mən başqa yerdə ev tikə bilmərəm. Bu sudan həm özümüz, həm də ev təsərrüfatında istifadə edirəm. Əvvəl bizə deyirdilər ki, göl tikilməyəcək, indi isə gölü tikirlər. O suya da dərman qatılacaq".

"2005-ci ildən bu yana mal-qara saxlamışam, rüsumun da ödəmişəm. Əkin və tərəvəz əkmişdim, yararlı torpaqdır. Gətirib daş tökdülər, göl salacaqlar, kimyəvi maddələrdən istifadə olunacaq. Bu sudan da biz həm içmək üçün, həm də təsərrüfatında istifadə edirik. Bu suyun qabağı alınsa, biz heç nə edə bilmərik".

İş icrası Uyandur Fərhadov isə deyir ki, kəndə gedən su mənbəyinə toxunulmayacaq. Ərazidə süni göl yaradılacaq və oradan çıxan su təmizləyici qurğudan keçdikdən sonra kəndə deyil, əkin sahələrinə yönəldiləcək: "Bildiyiniz kimi, prezidentin kənd təsərrüfatına inkişafın dair sərəncamı var. Biz də iki hektar yer alıb həm balıqçılıq, həm arıçılıq, həm də gübrə istehsalı ilə məşğul olacağıq. Bu göldə farel saxlanılacaq. Göl tikiləcək, hovuzlar olacaq və farel yetişdiriləcək. Mən kənd camaatı ilə görüşmüşəm, kəndə gedən suya toxunulmayacaq. O suyun da axını kəndə getməyəcək. Əkin sahələrinə gedən suyun da heç bir ziyanı yoxdur. Sutəmizləyici qurğular olacaq. Kənd sakinlərinin şikayətini nəzərə alınaraq, suyu əkin sahələrinə yönəldiləcək".

İş icraçısı əlavə edib ki, ərazidə yaradılan kompleksdə 20-dək sakin işlə təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv