Şamaxıda yeni çəkilən 3 avtomobil yolu dağılıb - SƏBƏBLƏR
Şamaxı rayonunda yeni istifadəyə verilən daha iki yol torpaq sürüşməsi nəticəsində dağılaraq təhlükəli vəziyyətə düşüb. APA TV-nin yerli bürosunun məlumatına görə, Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb. Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb. Hazırda sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür. Vəziyyət sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edənlər çətinliklərlə üzləşir, tez-tez qəzalar baş verir.
Yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Burda da sürücülər çətinliklərlə üzləşir. Yolun 7 hissəsində sürüşmə qeydə alınıb. Səbəb son günlər yağan intesiv yağışlarla yanaşı, yolda hərəkət edən iri tonnajlı avtomobillərdir. Sürücülər uzun illər yolsuzluqdan əziyyət çəkdiklərini, yeni yolu isə ağırtonnajlı avtomobillərin qısa vaxtda dağıtdığını deyirlər. Problemlərlə əlaqədar artıq iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.
Qeyd edək ki, 6 ay öncə istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfə torpaq sürüşməsi baş verib.