Serj Sarkisyan müxalifətlə razılaşmadı: "İstefa qəbuledilməzdir" - MÜXALİFƏT LİDERLƏRİ SAXLANILDI
Aprelin 22-də İrəvanda sabiq prezident Serj Sarkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edənlərdən 277 nəfər saxlanılıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəisi Edqar Canoyan bildirib.
Ötən gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.
Bundan əvvəl S.Sarkisyan və müxalifət lideri N.Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N.Paşinyan S.Sarkisyanın istefa verməsini tələb edib. S.Sarkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.