"“Sahil” bağına “Cumhurriyət” adı verilsin" - TƏKLİF
“Sahil” bağına Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı “Cumhurriyət bağı” adı verilsin. APA TV-nin xəbərinə görə, bu təkliflə millət vəkili Qüdrət Həsəquliyev Milli Məclisin plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bu təklif tək onun yox, bir qrup ictimaiyyət nümayəndələrinin və deputatların təklifidir: “ Mən bu ideyanı dəstəkləyirəm. Bu məsələni parlamentdə qaldırıram ki, müvafiq dövlət orqanları da bu məsələni araşdırsınlar. Ümid edirəm ki, müvafiq qərarın qəbul olunması doğru və ədalətli addım olardı".
Millət vəkili Fazil Mustafa isə çıxışında ölkə prezidentinə müraciət edərək, Bakının rus qoşunlarından azad edilməsində iştirak edən Nuru paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam verilməsini xahiş edib. O bildirib ki, ölkədəki hərbi məktəblərdən birinə Nuru paşanın adının verilməsi mütərəqqi addım olar. Ümid Partiyasının sədri İqbal Ağazadə isə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hökumətin geniş əfv imzalamasını və həbsdə olan siyasi məhbusların azad edilməsi təklifi ilə çıxış edib.
Daha sonra parlament sədrinin, komitə sədrlərinin və parlament üzvlərinin aylıq vəzifə maaşının artırılması məsələsi müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, onların maaşları 1950 AZN olacaq. Spikerin maaşı isə buna müvafiq olaraq, 2250 manat olub.
O qeyd edib ki, 19 faiz vergiləri çıxdıqdan sonra millət vəkilləri cəmi 1822 manat vəsait alacaqlar. Spiker Oqtay Əsədov isə deyib ki, son 7-8 ildə deputatların maaşları cəmi 15 faiz artırılıb: “Buna görə də bu məsələyə xüsusi aqressiv yanaşmaq düzgün deyil”. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.