“Atena”da nə baş verir? - ŞİRKƏTİN ƏMƏKDAŞLARI AKSİYA KEÇİRDİ
Süd və süd məhsulları istehsalçısı “Atena” şirkətində ixtisarlar başlayıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səhmdarlar arasında yaranan çəkişmə 250 nəfərdən çox işçinin qazanc yerini itirməsi ilə nəticələnib.
İşsiz qalan insanlar şirkətin Ağcabədi rayonunda yerləşən ofisi qarşısına toplaşaraq aksiya keçiriblər.
Zavodun baş laborantı Qəmizə Cabbarova narazılıqlarının səbəbini belə izah edib: "Mən buranın işçisiyəm, mühafizəçi məni zavoda buraxmır. Bir problemim yoxdur, ərizə yazmamışam, işdən çıxmamışam, amma məni işə buraxmırlar".
Keyfiyyət müdiri Emil Qədirova da eyni söz deyilib: "Dünən mənə zəng edib deyiblər ki, işdən azadsan. Əlavə olaraq həm də iki laboranta deyilib ki, birinci gün gəlin ərizənizi yazın".
Daha sonra aksiya iştirakçıları ilə səhmdarlar arasında danışıqlar keçirilib. İki saatadək davam edən görüşdən sonra “Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, təklif verilib ki, bu qərar müvəqqəti dondurulsun, xüsusilə satış və mühafizə şöbələrində çalışan işçilər öz işinə davam etsin, zavodun istehsal etdiyi süd və süd məhsulları başqa firmaya ünvanlanmasın: "Hazırda verilmiş qərarda yanlışlıq ola bilər. Ola da bilər ki, düzgün qərardır. Ona görə Direktorlar Şurasının sədri Qəmbər müəllim vəzifəsindən istifadə edib, verdiyi qərarı dondura bilər. Bir müddət bu məsələ araşdırılsın. Kənardan bir şirkət dəvət edilsin, araşdırma aparılsın, həqiqət ortaya çıxsın".
“Atena”nın Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev isə açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: "Belə qərara gəldik ki, axşam bir də görüşək, bir də müzakirə edək. Ondan sonra qəti qərar elan ediləcək. Lakin şirkətin, Direktorlar Şurasının qəti qərarı budur ki, şirkətin fəaliyyəti başqa şirkətə keçirilsin".
Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar dağılışıblar.