Paşinyanın həbsi etirazçıları qəzəbləndirdi - YENİ PREZİDENT XALQA MÜRACİƏT ETDİ

Ermənistanda müxalifətin etiraz aksiyaları davam edir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, on minlərlə insan "Bizə qoşul!", "Polis bizimdir!" və "Etiraz edirik!" şüarları ilə hərəkət edərək İrəvanın mərkəzindəki Sayat-Nova prospektinə toplaşıb. Hazırda prospektdə nəqliyyatın hərəkəti dayandırılıb.

 

Bundan əlavə şəhərin müxtəlif istiqamətlərində də etiraz mitinqləri keçirilir. İrəvan Dövlət Universitetinin tələbələri də daxil olmaqla, hakimiyyət əleyhdarları Nikol Paşinyan və digər həbs olunanların qeyd-şərtsiz azadlığa buraxılması, hakimiyyətin istefası və təkrar parlament seçkilərinin keçirilməsini tələb edir.

 

Bu arada, "Mənim addımım" hərəkatının həbs olunan lideri Nikol Paşinyan və iki tərəfdarının harada saxlanıldığı barədə məlumat verilmir.  Bu barədə onun vəkili Rustam Badasyan açıqlama verib: "Mənə Nikol Paşinyanın Sevandakı Polis Şöbəsinə aparıldığı deyildi, amma ora getdiyimdə fərqli sözlər eşitdim. Dedilər ki, gün ərzində burada idi, amma indi yoxdur. Harada olduğunu da demədilər. Heç bir şərhim yoxdur. Hətta 1937-ci ildə insanlar daha təhlükəsiz yaşayırdılar".

 

Yeri gəlmişkən Ermənistanın yeni prezidenti Armen Sarkisyan ölkəsində baş verənlərə münasibət bildirib. O, ölkədə vəziyyətin təhlükəli həddə çatdığını, buna görə də müxalifətin etiraz üsulundan əl çəkməklə,  danışıqlar üçün birgə yollar tapılmalı olduğunu bildirib. 

 

Qeyd edək ki, Ermənistanda 10 gündür Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov