Ramana-Maştağa yolu sıradan çıxır - İLYARIM ƏVVƏL İSTİFADƏYƏ VERİLİB
2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib.
Quyuya yığılan su kütləsi nasos vasitəsilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.
Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.