Ermənistanın müdafiə naziri: "On gündür Tanrıya dua edirəm ki..."

"Ordu və hüquq-mühafizə orqanları işçilərinin mitinqlərə çağırılması demaqogiyadır". APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu sözləri Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib.

 

"Hərbçilərin etirazlara qoşulması vətənə xəyanətdir. Mən öz vəzifələrimi icra etməliyəm. Cari hakimiyyət istefaya getsə belə, mən öz vəzifələrimi icra edəcəyəm. Şəxsi düşüncələrindən asılı olmayaraq, Müdafiə Nazirliyi, polis sistemi və milli təhlükəsizlik orqanları professional şəkildə hərəkət etməlidir. Hər bir deyilən fikirlə razılaşsam, o zaman mən başqalarının gözünə zəif insan kimi görünərəm" - deyə, nazir qeyd edib.

 

Vigen Sarkisyan ölkədə fors-major hal olduqda, ordunun baş verənlərə müdaxilə edə biləcəyini də istisna etməyib: "Mövcud vəziyyət ürəkaçan deyil və dəyərləndirilir. Ümid edirəm ki, belə bir addıma ehtiyac qalmayacaq".

 

Yetkinlik yaşına çatmayan gənclərin mitinqlərdə iştirakının yolverilməz olduğunu bildirən müdafiə naziri bu hadisəni qırmızı xətt kimi dəyərləndirib: "Hər dəqiqə dua edirəm ki, hadisələrin iştirakçıları əyləc əvəzinə qaz pedalına basmasın. Valideynlər uşaqları məktəbə yola salıb, qayıtmalarını da görməlidirlər. Bu cür hadisələr isə uşaqlarımızın gələcəyinə çox böyük təhlükədir. Valideynlər uşaqlarını cari hadisələrdən uzaq tutmalıdırlar. Mən də atayam və övladlarımın gələcəyinə görə məsuliyyət daşıyıram".

 

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı