Bakı metrosunda yeni qatar istifadəyə verildi

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Metrovaqonmaş”  ASC-dən aldığı yeni qatar artıq istifadəyə verilib.

 

APA TV-nin məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev deyib ki, 5 vaqondan ibarət qatar müasir standartlara cavab verir: “Qatarda kondisioner sistemi mövcuddur. Qapıların enli olması sərnişinlərin rahat minib-düşməsi üçün şərait yaradır. Ultrabənövşəyi işıqlar vasitəsilə havanın bioloji tənzimlənməsi mümkündür”.

 

Yeni qatarda qəza, sürüşmə, yanğın əleyhinə sistemlər mövcuddur. Sərnişinlərin təhlükəsizliyi daxili və xarici video müşahidə sistemləri ilə təmin edilir. Maşinist kabinəsi intellektual dəstək sistemləri ilə təchiz edilib.

 

Qatarda vaqonlararası keçid açıqdır. Qapıların açılıb-bağlanma sürəti aşağıdır. Vaqonlarda əlilliyi olan şəxslər üçün xüsusi yerlər var.

 

Yeni vaqonların daha biz özəlliyi var. Belə ki, vaqonlarda telefonları enerji ilə təmin etmək üçün USB portlar mövcuddur.

 

Baş vaqon 38 oturacaqlı olmaqla ümumilikdə 315 yerlik, orta vaqon isə 44 oturacaqlı olmaqla ümumilikdə 328 yerlikdir.

 

Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə bağlanmış müqaviləyə əsasən, daha bir qatar Bakıya may ayında gətiriləcək. Yeni qatarların istismar müddəti 31 ildir. 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli