Pərviz Şahbazov: "Bu il iri layihələr istifadəyə veriləcək"

"Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələrlə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.

 

Onun sözlərinə görə, bu il “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəməri və TANAP kimi iri layihələri istifadəyə veriləcək. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsi Azərbaycan təbii qazının diversifikasiyasına imkan verəcək: "Yaxın onillikdə minik avtomobillərinə və neft-kimya məhsullarına tələbat olacaq. Bu isə o deməkdir ki, neft-kimya məhsullarının ixracını artırmağa imkan verəcək. Bu il “SOCAR Polymer” və Karbomid zavodu istifadəyə veriləcək. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR Neft Emalı Zavodu da istifadəyə veriləcək. Bu, bir daha Azərbaycanın qardaş ölkədə ən iri investor olduğunu isbat edir".

 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, "Azəri-Çıraq-Günəşli" yatağından indiyədək 453 milyon ton neft və 144 milyard kubmetr qaz hasil edilib. Onun sözlərinə görə, 2018-ci il aprelin 1-dək dünya bazarlarına Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb.

 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə qeyd edib ki, “Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir: "Bu yataq enerji təchizatı layihələrinin şaxələndirilməsi və yeni enerji bazarları yaratmaqla önəmli bir layihədir. 2017-ci il bu layihə üçün ən möhtəşəm il olub. Bu layihə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək".

 

“SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov bildirib ki, SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir.

 

Qeyd edək ki, "SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-a yaxın ölkəsindən 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir.

Müəllif | Apa.Tv
Almaz Qasımova