Alüminium reklam lövhələrini oğurlayanlar tutuldu - MASALLIDA

Masallıda yol kənarında quraşdırılmış reklam lövhələri oğurlanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, oğurluq nəticəsində lövhələri quraşdıran şirkətə ümümlikdə 34 min manatdan çox ziyan dəyib.

Hadisə Ələt-Astara avtomobil yolunun Masallı rayonunun Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində qeydə alınıb. Oğrular yolun kənarında quraşdırılmış və alüminium materialdan hazırlanmış 40 ədəd yol lövhəsini aparıb.

Həmin yol lövhələrini quraşdıran şirkət əməkdaşları tərəfindən Masallı Rayon Polis Şöbəsinə müraciət olunub. Müraciət əsasında başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, cinayəti rayonun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov və Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədib. Həmin şəxslərin oğurladığı yol lövhələrinin bir hissəsi maddi sübut kimi götürülüb. İşi araşdıran baş müstəntiq Cahangir Hüseynovun sözlərinə görə, Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb:

"Masallı rayonu, Qasımlı kənd sakini Şükürov Heybət Şərif öğluna məxsus qarajın həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd traktor üçün nəzərdə tutulmuş akkumulyator, bir ədəd traktor üçün nəzərdə tutulmuş radiator və bir ədəd "Xarkov" markalı su nasosu oğurlamaqla zərərçəkmişə ümumilikdə 900 manat ziyan vurub".

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv