Tramp OPEC rəhbərliyini ittiham edir, neft bahalaşır
2014-cü ilin noyabr ayından sonra "Brent" markalı neftin qiyməti ilk dəfə 75 dolları keçib.
APA TV-nin məlumatına görə, qiymətin bahalaşmasına ABŞ prezidenti ilə OPES rəhbərliyi arasında qarşılıqlı ittihamlar səbəb olub.
Donald Tramp qurumu qiymətləri süni şəkildə bahalaşdırmaqda ittiham edib. Qarşı tərəf isə bildirib ki, OPEC-in qiymətlərlə bağlı heç bir konkret hədəfi yoxdur.
Qiymətlərin bahalaşmasına təsir göstərən digər iki amil də ABŞ və Səudiyyə Ərəbistanından qaynaqlanır. ABŞ-da kommersiya neft ehtiyatlarının azalması, Səudiyyənin isə dünya bazarına nəql etdiyi neftin həcmini ixtisar etməsi qiymətlərin bahalaşmasını dəstəkləyir.
Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 75,06 dollardan, Qərbi Texas markasının bir bareli isə 69,14 dollardan satılır. "AzeriLight" neftinin qiyməti isə 75,25 dollara yüksəlib.
Bu gün Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair növbəti hesabatı açıqlayacaq. İlkin proqnozlara görə, ehtiyatların 1,074 milyon barel azalacağı gözlənilir. Gözləntilər özünü doğrultsa, qiymətlər həftə sonuna kimi 76 dolları keçə bilər.