Dövlət Komissiyası: Dünya tarixində metroda ilk terroru ermənilər törədib
"Ermənistanda faşizm və şovinizm dövlət siyasəti səviyyəsinə qaldırılıb". APA TV-nin məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda keçirilən konfransda deyib.
E.Səmədov erməni terrorunun 100 illik tarixə malik olduğunu və bu siyasətin dövlət səviyyəsində dəstəkləndiyini diqqətə çatdırıb. O deyib ki, indiyədək ASALA terror təşkilatı tərəfindən müxtəlif ölkələrdə türk diplomatlar qətlə yetirilib.
Məruzəçi dünyada metro tarixində ilk terrorun da Moskva şəhərində ermənilər tərəfindən törədildiyini vurğulayıb. E.Səmədov hələ Osmanlı imperiyası dövründə ermənilərin keçirdiyi xüsusi qurultayda imperiya ərazisində yaşayan 650 nəfərin ölümünə fərman verildiyini qeyd edib.
Konfransda ermənilərin xalqımızı məruz qoyduğu dəhşətli terror hadisələri barədə geniş məlumat verilib və bildirilib ki, 2003-cü ildə erməni terrorçularının xalqımıza qarşı törətdiyi cinayət əməllərinin araşdırılması üçün Baş Prokurorluq, Daxili İşlər və fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Hazırda sözügedən cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Qeyd edilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti çərçivəsində indiyədək 12 dildə erməni terrorunu ifşa edən kitab və müxtəlif vəsaitlər hazırlanaraq təqdim olunub.
AMEA Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev isə indiyədək ermənilərin Qarabağ tarixini saxtalaşdırmaq məqsədilə 400 minə yaxın məqalə və vəsait nəşr etdirdiyini, işğalçıların aqressiv siyasətinin təkcə ölkəmizə yox, digər dövlətlərə də təhlükə yaratdığını bildirib.
Konfrans çıxışlarla davam edib.