Astarada yeni çəkilən yol dağılır - NONSENS
Astarada ötən ilin son aylarında istifadəyə verilən yolda çatlar və çuxurlar əmələ gəlib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, söhbət ötən ilin son aylarında çəkilən Taxtənəkəran-Miki avtomobil yolundan gedir.
Ucqar dağ kəndlərini birləşdirən Taxtənəkəran-Miki avtomobil yolundan ümumilikdə 10-dan artıq kəndin sakinləri istifadə edir. Bir neçə aydır istifadə olunmasına baxmayaraq, avtomobil yolunun ayrı-ayrı hissələrində asfalt örtüyü tədricən sıradan çıxmağa başlayıb. Yoldakı çat və çalaların sayı hər gün daha da artmaqdadır.
Taxtənəkəran-Miki avtomobil yolunda yaranan problemlər bununla bitmir. Bəzi hissələrdə qaya parçaları sürüşərək yola düşüb, bəzi hissələrində isə torpaq qatı sürüşüb. Bu da müəyyən qədər avtomobillərin hərəkətində çətinlik yaradır. Sakinlərin sözlərinə görə, asfalt örtüyündə problem əsasən yolun 3-cü kilometrliyindən sonrakı hissələrdə əmələ gəlib.
Yolun çəkilməsi zamanı materialların daşınmasında istifadə olunan ağır tonnajlı maşınlar eyni zamanda Pensər-Taxtənəkəran yolunda da qabarmalara və çuxurların əmələ gəlməsinə səbəb olub.