Əli Məsimli: "Şəhid ailələrinin və pensiyaçıların banklara olan borcları bağlansın!"

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxil edilib.

 

İclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilib.

 

Elmira Süleymanova məruzəsində qeyd edib ki, uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

 

İllik məruzədə həmçinin bildirilib ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi-texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.

 

Ombudsmanın illik məruzəsinə münasibət bildirən deputat Tahir Kərimli təklif edib ki, insan hüquqları ilə bağlı qanun layihəsi hazırlanarkən qanunlar müvəkkilə göndərilsin və onun rəyi öyrənilsin: “İstərdim ki, problemli kreditlərlə də bağlı Ombudsmanın müdaxiləsi olsun”.

 

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Ombudsmanın illik məruzəsinin “İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilməz: “Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

 

Müzakirələrdən sonra Ombudsmanın illik məruzəsi qəbul olunub.

 

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli bildirib ki, hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir: “Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”.

 

Daha sonra iclasda “Məşğulluq haqqında” qanun layihəsi müzakirə olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev layihə barədə məlumat verib: “Bu, əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərdir. Əgər qanun qəbul olunarsa, dövlət hansı iş yerinə göndərəcəksə, onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq”.

 

Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.

 

İclasda həmçinin “Peşə təhsili haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər 18 qanun layihəsi müzakirə edildikdən sonra qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı