Azərbaycanın bu il istehsal etdiyi SİLAHLAR

Müdafiə Sənayesi Nazirliyində (MSN) müdafiə sənayesi işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. İlk olaraq, nazirlik əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını,

 

Şəhidlər Xiyabanını ziyarət ediblər. 

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən nazir Yavər Camalov bildirib ki, fəaliyyətə başladığı ilk gündən nazirliyin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Onlardan üçü - müxtəlif növ döyüş sursatları üçün  partladıcıların, qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının çapda artilleriya silahlarının istehsalı üzrə sahələr bu il istifadəyə verilib: "Bu il istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan 40 mm lik tank əleyhinə əl qumbaraatanını, 60-82 mmlik mina atanları, AK74 M tipli avtomatı, döyüş və siqnal patronlarını, müxtəlif tipli əl qumbaralarını, tank əleyhinə minaları, əlehqazları və sair göstərmək olar. Eyni zamanda 30 ədəd "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14.5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulları quraşdırılıb".

 

Nazir bildirib ki, 8 il ərzində nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb: ""Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. Hazırda bağlanmış müqavilə üzrə pilotsuz uçuş apartlarının qalan hissəsinin istehsalının üzərində iş aparılır".

 

Nazir bildirib ki, 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub. Çeşidlərin sayı 450-ni ötüb: "Cari ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, T-72 tankı üçün yağ yanacaq baklarının,  120 mm-lik döyüş minasınn və digər məmulatların  yaradılması işləri tam başa çatdırılaraq silahlanmaya qəbul olunması tövsiyyə edilib. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və hər birindən 10 ədəd olmaqla təkmilləşdirilərək, Müdafiə Nazirliyinə təhvil verilib".

 

Sonda prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş MSN əməkdaşlarına medallar təqdim olunub. Eyni zamanda nazir Yavər Camalovun əmri ilə işdə fərqlənən bir qrup əməkdaşı da təltif edilib.

 

Tədbirin sonunda nazirlik əməkdaşları adından Azərbaycan prezidentinə müraciət qəbul edilib.

 

Müəllif | Apa.Tv