Nikol Paşinyan baş nazir olmaq istəyir

Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılmış danışıqlar ləğv edilib.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib. Onun sözlərinə  görə, danışıqların keçiriləcəyi tarix hələlik məlum deyil.

T.Avinyan bildirib ki, müxalifət bundan əvvəl bəyan etdiyi müddəalar ətrafında danışıqların aparılmasını təkid edir. Qeyd edək ki, müxalifətçilər  hakimiyyətin dinc ötürülməsi, Respublika partiyasının müvəqqəti hökumətin tərkibində əsas iştirakçı kimi təmsil edilməməsi və bu kimi tələblər irəli sürüb.

“Respublika partiyası məsələnin bu cür qoyulmasının əleyhinədir”, - deyə Avinyan qeyd edib.

Bundan əvvəl N.Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib. O hətta baş nazir seçiləcəyinə əmin olduğunu vurğulayıb: “Əgər xalq bu məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram. Böyük ehtimalla, belə də olacaq”.

Müəllif | Apa.Tv
Apa.tv