Paşinyan Karapetyana da şərt qoydu, Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşdü

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla aprelin 25-nə planlaşdırılmış danışıqlardan imtina etməsinin səbəbini açıqlayıb.

 

"Əvvəlcədən anons olunmuş görüş baş tutmayacaq, çünki Paşinyan görüşün formatı, gündəliyi və işıqlandırılmasına dair birtərəfli şəkildə yeni tələblər irəli sürüb" - deyə o qeyd edib.  

 

Onun sözlərinə görə, N.Paşinyan danışıqlarda hakimiyyəti təmsil edəcək iştirakçıların siyahısını təklif edib və danışıqları yalnız özünün irəli sürdüyü məsələlər ətrafında aparacağını vurğulayıb: "Bu nə dialoq, nə də ki danışıqlardır, bu sadəcə öz fikrini və gündəliyini bildirməkdir. Hətta  danışıqlarda biz tərəfdən iştirakçılar da müəyyən edilib. Danışıqlar sahəsində müəyyən təcrübəm olduğundan, indiyədək bu cür formatlı danışıqlara rast gəlməmişəm".

Bu arada Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüş zamanı mübahisəli məsələlərin dialoq yolu ilə həllinin zəruri olduğunu bildirib. Görüşdə Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib. Saakyan bütün mübahisəli məsələlərin dialoq yolu və qanun çərçivəsində həllinin, habelə ölkədə sabitliyin qorunmasının zəruriliyini qeyd edib.

 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.   

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı