Makronun Vaşinqtonda İranla bağlı bəyanatı nefti ucuzlaşdırdı

Sutka ərzində xam neft 2 dollara qədər dəyər itirib.

 

APA TV-nin məlumatına görə, birjalarda "Brent" nefti gün ərzində 75 dollara yüksəldikdən sonra 73,76 dollara qədər ucuzlaşıb. Qərbi Texas nefti də kiçik bahalaşmadan sonra ciddi dəyər itirib. WTI markası hazırda 67,64 dollara təklif olunur.

 

Qiymətlərə əsas təsir edəcək məqam ABŞ-da neft ehtiyatlarının artması barədə ilkin hesabatdır. Amerika Neft İnstitutunun hesabatına görə, ötən həftə xam neft ehtiyatları 1,1 milyon barel artıb. Fransa prezidenti Emmanuel Makron Vaşinqton ziyarəti çərçivəsində İranın ballistik raketlərin inkişafını dayandırmaq və nüvə proqramına son qoymaq üçün yeni bir razılaşmaya ehtiyac olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp isə ölkəsinin indiki razılaşmadan imtina edəcəyi təqdirdə belə, İrana nüvə proqramına yenidən başlamaması üçün xəbərdarlıq etmişdi.

 

İran isə əksinə, ABŞ-ın razılaşmanı tərk edəcəyi halda yenidən nüvə silahının istehsalına başlayacağını bəyan edib.

İrana tətbiq olunan sanksiyalar ölkənin neft ixracına təsir edəcək. OPEC-in əsas neft hasilatçılarından olan İranın neft ixracının azalması qiymətləri bahalaşdıracaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı