RZA ZƏRRABIN işini "ERGENEKON" prokuroru araşdıracaq
Türkiyədə 3 nazir oğlu rüşvət və korrupsiya ittihamı ilə həbs edilib. Həmçinin vəzifəli şəxslərin və məşhur iş adamlarının həbs olunduğu əməliyyatın detalları yavaş-yavaş bəlli olur. Əməliyyatda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının mənsublarının və onların ailə üzvlərinin hədəf alınması Türkiyədə şok effekti doğurub.
APA TV-nin xəbərinə görə, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Zəfər Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ərdoğan Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Ebru Gündeşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb.
Xəbəri eşidən Zəfər Çağlayan nəzərdə tutulan rəsmi proqramlarını ləğv edib. Daxili işlər naziri Müəmmər Gülərin Bolqarıstana səfərini təxirə saldığı xəbər verilir. Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil.
Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən mətbuata bildiriblər ki, əməliyyat 1 ildir, davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir. İstintaqı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuror vəkili Zəkəriyyə Öz və onun tabeliyindəki prokuror Cəlal Qara aparır. Zəkəriyyə Öz “Ergenekon” əməliyyatının istintaqını aparan və bu çərçivədə çoxsaylı həbsə sanksiya verən prokuror kimi tanınır.