Prezident: "Dünyada Azərbaycan və Türkiyə qədər yaxın olan ölkə yoxdur"
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu deyib. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.
Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.
TBMM sədri İsmayıl Kahraman prezident İlham Əliyevin təkcə Azərbaycan üçün deyil, bölgə və dünya üçün mühüm şəxsiyyət olduğunu deyib.
O, Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirərək, dövlət başçısını prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.