18 yaşlı oğlanlar oğurluq maşını aşırdılar, yeniyetmə qız öldü
Abşeron rayon Polis İdarəsi əməkdaşları iki yeniyetməni həbs ediblər. Avtomobil oğurluğu və qarətdə təqsirləndirilən Məhəmməd Mehdiyevlə Fərid Həbiblinin 18 yaşı var. Hər ikisi artıq bir dəfə məhkum olunub. APA TV-nin xəbərinə görə, yetkinlik yaşına çatmadıqları üçün həbs yox, şərti cəza alıblar.
Cəzaları bitməmiş bu dəfə törətdikəri hadisə daha ağır olub. Nəsimi rayonu ərazisindən "VAZ 2106" markalı avtomobili oğurlayan dostlar Fərid Həbiblinin evində qonaq olan 1996-cı il təvəllüdlü Zəhra Fətəliyevanı özləri ilə götürüblər. Bir marketi qarət edəndən sonra maşınla Bakı-Sumqayıt yoluna çıxıblar. Bu zaman idarəetməni itirən sürücü maşını aşırıb və kanala düşüb.
Zəhra Fətəliyeva aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı CM-nin 177 və 263-cü maddəsi ilə cinayət işi açılıb.