ABŞ-ın neft ehtiyatları artıb, “qara qızıl” nisbətən ucuzlaşıb

ABŞ Energetika Nazirliyinin ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair son hesabatı nefti ucuzlaşdırıb.

 

APA TV-nin məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatlarının həcmi 2,17 milyon barel, benzin ehtiyatlarının həcmi isə 840 min barel artıb. Amerika Neft İnstitutu ehtiyatların həcminin 1,1 milyon barel, neft analitikləri isə 2,2 milyon barel artacağını proqnozlaşdırırdı.

 

Bundan başqa ABŞ-da gündəlik neft hasilatı 46 min barel artaraq rekord həddə - sutkada 10,586 milyon barelə çatıb. Buna rəğmən Birləşmiş Ştatlar gündəlik neft idxalını da artırıb, hazırda ölkə xaricdən hər gün 8,47 milyon barel neft alır. Bu, ölkədə neft emalı müəssisələrinin istehsal səviyyəsini artırması ilə bağlıdır.

 

Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 74,45 dollardan satılır, Qərbi Texas nefti isə 68,38 dollara təklif olunur. Analitiklərin fikrincə, ABŞ-ın neft ehtiyatlarının artması bazardakı qiymətlərə müvəqqəti mənfi təsir göstərib, həftənin sonuna kimi qiymətlərin yenidən bahalaşacağı gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı