Putin Sarkisyana zəng etdi, Nalbandyan təcili Moskvaya getdi - PAŞİNYAN SAKİTLƏŞMİR

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

 

APA TV-nin Kremlin rəsmi saytına istinadən məlumatına görə, danışıq zamanı Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. 

"Tərəflər böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrinin təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar" - deyə, məlumatda deyilir.


Bu arada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.

 

Ermənistanda isə etiraz aksiyaları davam etdiriləcək.

 

Bunu İrəvanda keçirilən mitinqdə "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyan bildirib.

 

O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: "Bir addım qalıb - biz bu məsələni bitirəcəyik".

N.Paşinyan bildirib ki, aprelin 26-dan etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.

 

Qeyd edək ki, Ermənistanda "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxıb, ölkənin  idman və gənclərlə iş üzrə naziri istefa verib, etirazçılar isə N.Paşinyanı baş nazir seçməyi tələb edir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı