Paşinyan Karapetyanı hədələdi: "Pəncərədən bax və düşün!"
"Ermənistanda bu andan etibarən nə hakimiyyət, nə də hökumət var". APA TV-nin erməni mətbuatına istinadən məlumata görə, bu bəyanatla İrəvanın Respublika meydanında davam edən mitinqdə Nikol Paşinyan bildirib.
"Onlar elə bilir ki, xalq Serj Sarkisyanın istefasından sonra sakitləşəcək və istəyi yalnız bu idi. Onlar elə bilir ki, xalq bunu bayram etdi və hər şey bitdi. İndi isə bunu da düşünsünlər, biz niyə evlərimizə getmirik? Niyə yenə küçələrdə və meydanlardayıq?" - deyə o qeyd edib.
Nikol Paşinyan şəxsən Karen Karapetyana müraciət edib: "Sən fikirləşirdin ki, aprelin 23-də Serj Sarkisyanın istefası ilə xalq sakitləşəcək və ertəsi gün - aprelin 24-də hüzn gününü qeyd edəcək. Xeyr. Sən xalqın qələbəsini şərhsiz və sakit şəkildə qəbul etməlisən. Hakimiyyətdə qalmağı unudun. Xalq Ermənistan hökumətinin birmənalı və heç bir müzakirə aparılmadan təslim olmasını tələb edir".
Nikol Paşinyan qeyd edib ki, Serj Sarkisyanın vəzifədən getməsindən sonra kabinetdə onsuz da heç kəs qalmayıb və əbəs yerə görüntü yaratmaq lazım deyil. Bu halda isə Karen Karapetyanın hökumətə rəhbərlik etməsi gülüncdür: "Onun güc nazirlərini toplayıb ölkədə fövqəladə vəziyyət elan etmək planından da xəbərimiz var. Sadəcə bunu deyirəm, pəncərədən baxsın və düşünsün".
Aksiya lideri əlavə edib ki, hazırda Sevan-İrəvan yolunda 80 iritonnajlı maşın onun əmrini gözləyir. Onlar istənilən vaxt paytaxta gəlib bütün yolları bağlamağa hazırdır.