Milli QHT Forumu: "ATƏT DTİHB-nin hesabatı qərəzlidir"

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bir neçə məntəqədəki texniki problemi bütün məntəqələrə şamil edib".

 

APA TV-nin məlumatına görə, bunu Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

 

O qeyd edib ki, qurumun hesabatı qərəzlidir və heç bir halda həqiqəti əks etdirmir: "Bizim seçki qərargahı, bizim müşahidə missiyası bu rəyi qeyri-obyektiv və hətta Azərbaycana qarşı ikili standartdan irəli gələn qərəzli rəy hesab edir. Çünki region dövlətləri və digər dövlətlərdə bu səviyyədə azad, şəffaf, ədalətli seçkilər keçirilməyib. Əgər belədirsə, ATƏT DTİHB niyə başqa ölkələrə münasibət bildirmir, amma Azərbaycana qarşı daima qeyri-obyektiv və qərəzli münasibət bildirir?"

 

Bildirilib ki, səsvermə günü Milli QHT Forumu səsverməni 118 seçki dairəsinin 1180 məntəqəsində 590 yerli və respublika üzrə 30 müşahidəçi vasitəsilə izləyib.

 

Müşahidə zamanı müəyyən olunub ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin tam şəffaf keçirilməsi üçün bütün hüquqi prosedurlar təmin edilib, habelə qanunvericilik və seçici hüquqlarının pozulması faktlarına rast gəlinməyib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov