Antalyada “Türkiyə-Rusiya münasibətlərinin gələcəyi” mövzusunda konfrans keçirilir

Antalyada Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi” mövzusunda konfrans öz işinə başlayıb. APA TV-nin məlumatına görə, konfrans Türkiyə Uluslararası İşbirliyi Platformasının təşkilatçılığı ilə keçirilir.

 

Dünən rusiyalı qonaqların şərəfinə ziyafət verilib.

 

Konfransda iki ölkənin iş dünyasının tanınan isimləri, siyasətçilər qatılıblar. İştirakçılar arasında Azərbaycan əsilli iş adamı İlham Rəhimov, Türkiyə İqtisadiyyat nazirinin müavini Fatih Metin, Antalya Böyükşəhər bələdiyyəsinin başqanı Menderes Türel, SETA-nın rəhbəri Burhanəddin Duran, politoloq Aleksandr Duqin, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, Rusiya prezidentliyinə sabiq namizəd Sergey Baburin, Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri iştirak edirlər.

 

Politoloq Aleksandr Duqin bildirib ki, Avrasiya məkanında gedən proseslərin inkişaf istiqamətlərini bölgənin aparıcı dövlətləri müəyyənləşdirməlidir: “Rusiya ilə Avrasiya münasibətləri haqda danışanda təkcə pravoslav və slavyan dünyası nəzərdə tutulmur, burada bütün sivilizasiyalar öz əksini tapmalıdır. Siyasətdə, iqtisadiyyatda anlaşma əldə etmək əsas deyil. Prezidentlər anlaşma nəticəsində buna nail olur. Amma cəmiyyətlər də bu əməkdaşlıqdan kənarda qalmamalıdır. Əks halda bu, bizim layihələrimizi uğursuz edər. Eyni məqam Azərbaycan üçün də keçərlidir. Hazırda Azərbaycan-Rusiya münasibətləri çox gözəl inkişaf edir”.

 

Prezidentliyə sabiq namizəd Sergey Baburin isə Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin üçüncü qüvvələrin təsirindən qorunmasının vacibliyini dilə gətirib: “Rusiya vətəndaşları türkləri, Türkiyə vətəndaşları isə rusları daha yaxşı başa düşməlidir. Humanitar, mədəniyyət sahələrində əlaqələr, eləcə də iqtisadi-ticari əməkdaşlıq gücləndirilməlidir. Biz iki ölkə prezidentlərinin ölkələrimizi bir-birinə yaxınlaşdırılması istiqamətində atdıqları addımları yüksək qiymətləndiririk. Lakin üçüncü qüvvələr bizim əməkdaşlığımızda maraqlı deyillər. Dünyada ədalətli düzənin bərqərar edilməsi arzuolunandır. Hər şey təbii ki, bu qədər sadə deyil. Ona görə də, qonşu ölkələrlə münasibətləri tənzimləmək lazımdır. Bu halda Rusiya və Türkiyə Avropa üçün birləşdirici xətt rolunu oynaya, Türkiyə sayəsində Rusiya üçün Avropa İttifaqı ilə olan anlaşılmazlıqları aradan qaldırmaq mümkün ola bilərdi”.

 

Konfransda çıxış edən natiqlər bank işi, təhsil, enerji, heyvandarlıq, inşaat, müdafiə sənayesi, kənd təsərrüfatı, tekstil, turizm və nəqliyyat sektorlarında Rusiya-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi yollarına dair fikirlərini səsləndiriblər.

 

Toplantıda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermiş şəxslərə fəxri fərman təqdim olunub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd