Britaniyalı nazir: "İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafını təmin edəcək"
Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.
APA TV-nin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə də görüşüb.
Görüşdə Alan Dunkan dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.
Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin həmçinin Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
Britaniya parlamentinin üzvləri dövlət başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyiblər.
Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olundu. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.