DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Aprelin 26-da Daxili İşlər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi çatışmazlıqların mövcudluğunu xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. Ramil Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.
Tədbirdə qarşıda duran vəzifələrin həllində həmçinin kadrlarla işin nümunəvi təşkilinin böyük əhəmiyyət kəsb etdiyi, son 15 ildə əməkdaşların peşə, fiziki və mənəvi-psixoloji hazırlıqları sahəsində lazımi tədbirlərin ardıcıl olaraq həyata keçirildiyi və bu sahədə müsbət nəticələrin əldə edildiyi iştirakçıların nəzərinə çatdırılıb. Ərazi orqanlarında və nizami polis hissələrində mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması, şəxsi heyətin Heydər Əliyev ideallarına, Azərbaycançılıq məfkurəsinə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Müzakirələrdə çıxış edən baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.
Sonda nazir, general-polkovnik R.Usubov daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.