Zaqatalada avtomobil ağaca dəyib - YARALILAR VAR
Zaqatalada baş verən yol qəzasında iki nəfər Qax sakini xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.
Qax şəhər sakini Kərimov Məhəmməd Kərim oğlu idarə etdiyi “QAZ 31” markalı minik avtomobili ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü M.Kərimov və sərnişini - Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədov Qədir Rafiq oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.Kərimova qapalı kəllə-beyin travması diaqnozu təyin edilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Q.Məmmədovun xəsarətləri isə yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.