Cənubi və Şimali Koreya liderləri arasında tarixi görüş - SÜLH VƏ BİRLƏŞMƏ
Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir.
Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birilərinin əllərini sıxaraq salamlaşıb. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.
Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcək. Sammitin yekunlarına dair birgə sənəd də imzalanacaq.
Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.