Putin Karapetyana zəng etdi: Paşinyan Gümrünü ayağa qaldırmağa gedir
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. APA TV-nin Kremlin saytına istinadən məlumatına görə, onlar Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.
"Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir" - deyə, məlumatda bildirilir.
Bu arada müxalifət lideri Nikol Paşinyan Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib: "Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə etmək qərarına qəlib. Biz bunu nəzərə alırıq və əvvəlki kimi danışıqlar prosesini bizim gündəliyimiz çərçivəsində davam etdirməyə hazır olduğumuzu bildiririk. Mən Karapetyanı aprelin 27-də danışıqlara başlamağa dəvət edirəm".
O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıb: "Bağlı qapı arxasında hakimiyyətlə danışıqlar aparmayacağıq".
Yeri gəlmişkən, Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə avtoyürüş keçirmək niyyətindədir.
Aksiya saat 15:00-a planlaşdırılıb.
"Ümid edirik, Gümrünün qonaqpərvər sakinləri bizi şəhərin girişində qarşılayacaq" - deyə, Nikol Paşinyan qeyd edib.