Bar verən 200 ağacı bir gecədə kəsdilər - XAÇMAZDA VANDALİZM
Xaçmaz rayonunda qəribə hadisə baş verib. APA TV-nin Şimal bürosunun məlumatına görə, naməlum şəxslər rayonun Yergüc kəndində 200 ədəd ağacı kəsiblər.
Bağ sahibi Fəxrəddin Mütəllimov deyir ki, hadisə aprel ayının 1-dən 2-nə keçən gecə olub: "Gəldim gördüm ki, bütün ağaclar doğranıb yerdədir, bir dənə də qalmayıb. Hamısını kökündən mişarlayıb qoyublar yan üstündə. 60 sot yerdə 140 dənə gilas ağacı vardı, 40 dənə şaftalı və 20 dənə də təzə gilas əkmişdim. Hamısını qırıblar".
Zərərçəkənin sözlərinə görə, ötən il bağdan 1 tona yaxın məhsul yığıb. Bağ sahibi hadisəni törədən şəxslərin tezliklə tapılıb məsuliyyətə cəlb olunmasını istəyir.