Pentaqon rəhbəri: "Suriya və İraqa yenidən hərbi müdaxilə edəcəyik"
Pentaqon rəhbəri Türkiyə ilə bağlı açıqlama verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ceyms Mettis İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşündə Türkiyənin Rusiyadan "S-400" raket kompleksi alması barədə sualı cavablandırıb: "Bu məsələ artıq bir çox narahatlıqlara səbəb olur. Türkiyə NATO ölkəsidir. NATO ölkələri içərisində isə "S-400"lərin alınması ilə bağlı ciddi qayğılar var".
O, ABŞ-ın Suriyadan nə vaxt çıxacağı məsələsinə də aydınlıq gətirib: "Suriyadan hazırda çıxmaq fikrimiz yoxdur. İŞİD-lə mübarizə davam edir. Bu mübarizəyə isə digər müttəfiqlərimizi də cəlb edirik. Bölgəyə əlavə qüvvələr gətiriləcək".
Pentaqon rəhbəri yaxın zamanda İraq sərhədlərində yeni əməliyyatlara başlayacaqlarını bildirib: "Qarşıdakı günlərdə Orta Fərat Vadisi istiqamətində yeni, gücləndirilmiş əməliyyatlarımızın şahidi olacaqsınız. Suriya-İraq sərhədində də aktivlik göstərəcəyik. Son 2 həftə ərzində əməliyyatlarımızda Fransa hərbi qüvvələrinin iştirakına görə isə təşəkkürümü bildirirəm".
İrana qarşı gələcəkdə hansı addımların atılacağı ilə bağlı suala isə C.Mettis "hələlik yekun qərar verilməyib, İranla nüvə razılaşması davam edir, müzakirələr aparılır" cavabını verib. Əlavə edib ki, istənilən halda ABŞ-ın maraqları müdafiə olunacaq.
Müdafiə naziri İsrailin bölgədə ABŞ-ın ən yaxın müttəfiqi olduğunu və İsrailə qarşı İranın bütün addımlarına cavab veriləcəyini də bildirib.
Pentaqon rəhbəri Əsəd rejiminin Suriyanın cənubunda möhkəmlənməsindən narahat olduqlarını və bunun yolverilməz olduğunu deyib: "Son bir neçə il ərzində öz xalqına qarşı elədiklərini və Livanda "Hizbullah"a kömək etdiyini nəzərə alsaq, Əsəd rejiminin varlığı və Suriyanın cənubunda möhkəmlənməsi İordaniya və İsrail üçün ciddi təhdiddir. Bu, ələ almalı olduğumuz vəziyyətdir".