Koreya liderləri tarixi Bəyannamə imzaladı: AYRI DÜŞƏN AİLƏLƏR QOVUŞACAQ

Şimali Koreya və Cənubi Koreya prezidentləri birgə Bəyannamə imzalayıblar.

 

APA TV-nin məlumatına görə, Bəyannamədə tərəflər Koreya yarımadasının nüvə silahından təmizlənməsi barədə öhdəlik götürüblər. Bundan başqa hər iki ölkə 2018-ci ildə sülh sazişi imzalayacaq. Sənəddə qeyd olunur ki, sülh sazişinin imzalanması tarixi vəzifədir və Pxenyan və Seul artıq bu vəzifənin icrasını təxirə sala bilməzlər.

 

Bəyannamənin digər mühüm müddəası Şimali Koreya və Cənubi Koreyanın beynəlxalq yardımı qəbul etməyə razılaşması və bu məsələ ilə bağlı Çin və ABŞ-la üçtərəfli və dördtərəfli danışıqlarda iştiraka razılıq verməsidir.  

 

Koreya yarımadasını sülh bölgəsinə çevirməyin vacibliyini vurğulayan liderlər daha iki mühüm məsələni razılaşdırıblar. Bu, Şimali Koreya və Cənubi Koreya arasında dəmiryolu əlaqəsinin bərpası və ailələrin qovuşması proqramının həyata keçirilməsidir.

 

Tarixi sənəd imzalandıqdan sonra hər iki dövlət rəhbəri öhdəliklərə sonadək riayət edəcəklərini bəyan ediblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı