Paşinyan: “Karapetyan mənimlə danışa bilmir, Azərbaycanla necə danışacaq?”
"Rusiya beynəlxalq hüquqlara riayət edən bir qüvvə kimi Ermənistanın daxili işlərinə qarışmayacaq".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu sözləri "Vətəndaş anlaşması" partiyasının lideri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, baş verən hadisələr tamamilə Ermənistanın daxili işləridir və heç bir müdaxilə yoxdur: "Hərəkatımızın geosiyasi məqsədi yoxdur. Bu tam həqiqətdir. Nalbandyanın Moskvaya hansı məqsədlə getdiyini və nə barədə danışıqlar apardığını bilmirəm. Ola bilsin onlar Ermənistana xarici təsirin olduğunu düşünür, ancaq bu belə deyil. Karen Karapetyan elə təsəvvür yaratmaq istəyir ki, bizə xaricdən dəstək var. Halbuki, bu fikirlər düzgün yönləndirilməyib".
Nikol Paşinyan Rusiyanın bitərəf vəziyyətinin dəyişəcəyi barədə narahatlıqların olub-olmadığı barədə suala "belə bir təhlükə yoxdur" cavabını verib: "Erməni xalqının iradəsi qərarverici gücdür. Mən əminəm ki, Rusiyada yaşayan ermənilərin 90 faizi bizi dəstəkləyir və Kreml də buna əmin ola bilər. Minlərlə erməni bizə dəstək üçün ölkəmizə qayıdır. Onların əksəriyyəti Rusiya vətəndaşıdır. Şübhəsiz, Rusiya öz vətəndaşlarının mövqeyinə hörmətlə yanaşacaq".
Daşnaksütun və "Çiçəklənən Ermənistan" partiyalarının hakimiyyətdən ayrılaraq müxalif cəbhəyə keçməsindən razılığını ifadə edən Nikol Paşinyan onların 1 may tarixinədək mövqelərini dəyişməyəcəklərinə ümid etdiyini vurğulayıb.
Ermənistanda baş nazirin vəzifələrini icra edən Karen Karapetyan ilə görüşünün ümumiyyətlə ləğv edilməsinə toxunan müxalifət lideri, "o, heç mənimlə görüşmək barədə yekun fikrə sahib deyil, Qarabağ məsələsi barədə danışıqlar masasına oturmağı necə təsəvvür edir axı..." deyə münasibət bildirib.
Nikol Paşinyan baş nazir vəzifəsi üçün keçiriləcək səsvermədə onun namizədliyinə dəstək olacaq deputatların kifayət edib-etməyəcəyi barədə suala da cavab verib: "Bizim əsas mandatımız erməni xalqı və erməni diasporudur. Rusiyadan, Avropadan, ABŞ-dan gələn minlərlə erməni ölkəmizin gələcəyi üçün qərar vermək məqsədi ilə küçələrə çıxır. Onlar öz həyatlarını Ermənistanda qurmaq istəyir. Parlament xalqın səsini dinləməyə məcburdur".
Qeyd edək ki, Nikol Paşinyan 1 may tarixində xalqı parlament binası qarşısında toplaşmağa dəvət edib.