"Aprel şəkilləri" sənədli filminin təqdimatı keçirilib
"Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı olub.
APA TV-nin məlumatına görə, Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə hazırlanan film aprel döyüşlərinin qəhrəmanlarından pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.
Mətbuat Şurasının sədri, filmin baş məsləhətçisi Əflatun Amaşov aprel döyüşlərinin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığına diqqət çəkib: "Həmin hadisələri, aprel müharibəsini biz yaxşı xatırlayırıq. Aprel müharibəsi Azərbaycan xalqının həyatında mühüm rol oynayıb, Azərbaycan xalqının inamını özünə qaytarıb, mənfur düşmənlərin Azərbaycanla bağlı düşüncələrini dəyişib".
Sonra iştirakçılar filmə baxıb.
Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva şəhidlərimizlə qürur duyduğumuzu vurğulayıb: "Məni təsirləndirən bu filmdə odur ki, hər üçü "toya gedirik" deyə ailələrinə müqəddəs bir yalan satıb gedirlər. Torpaq, vətən, namus uğrunda şəhid olmaq Allahın özünün göndərdiyi bir məqamdır. "
Filmin rejissoru Kəmalə Mirzəyeva isə bu silsilədən olan filmlər üzərində işin davam etdiriləcəyini bildirib: "Qeyd edim ki, yaradıcı heyət sanki öz yaxın insanına həsr olunan bir filmi işləyirdi. Çünki doğrudan da şəhidlər bizim üçün and yerimiz, ən müqəddəs insanlardır. Yəqin əbəs yerə deyilmir ki, torpaq uğrunda ölən varsa, vətəndir".
Qeyd edək ki, çəkilişləri Bakıda və Kürdəmirdə aparılan filmin rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıl, ssenari müəllifi Bəxtiyar Qaraca, baş məsləhətçisi isə millət vəkili Əflatun Amaşovdur.