Rusiya Orta Asiyadakı hərbi bazalarını gücləndirir - ŞOYQU AÇIQLADI
Rusiya Orta Asiyada yerləşən hərbi bazalarını gücləndirir. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri müdafiə nazirlərinin Çində keçirilən toplantısında açıqlama verib.
Onun sözlərinə görə, İŞİD terrorçularının Əfqanıstanın şimalından Orta Asiyaya sızmasının qarşısını almaq üçün Rusiya Tacikistan və Qırğızıstanda yerləşən bazalarını möhkəmləndirir: "Rusiya olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinə İŞİD-lə mübarizədə kömək məqsədilə bazalarımızı möhkəmləndiririk. Buradakı qüvvələrimiz döyüşə hazır vəziyyətə gətirilir, müasir silah və avadanlıqlarla təchiz olunur. Bölgədə müttəfiqlərimizin də ordularını gücləndirməsinə dəstək olacağıq. Hərbi bazalar isə birgə istifadə olunacaq".
Qeyd edək ki, terrorizmlə mübarizə üçün Tacikistan və Qırğızıstan keçən ay birgə hərbi təlimlərə başlamış, gələcəkdə Rusiya və Qazaxıstanın da onlara qoşulacağı bildirilmişdi.