Oğuzda uşaq bağçasının binası uçdu
Oğuzda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.
APA TV-nin məlumatına görə, bu gün səhər saat 8:00 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.
Xoşbəxtlikdən hadisə vaxtı ərazidə kimsə olmadığından, xəsarət alan olmayıb. Calut kənd bələdiyyəsindən verilən məlumata görə, ötən əsrin 60-cı illərində inşa edilən bina 40 ildən artıqdır körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərir.
Bina son illər qəzalı vəziyyətdə olub. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.