ABŞ hərbi gəmiləri Xəzərdə görünə bilər - YÜK DAŞINACAQ
Qazaxıstan hökuməti ölkə ərazisində ABŞ hərbi bazasının yaradılacağı ilə bağlı KİV-də yayılan məlumatlara aydınlıq gətirib. APA TV "EurAsia Daily" agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın Rusiyadakı səfirliyi Rusiya mətbuatının bu barədə yaydığı məlumatın həqiqətə uyğun olmadığını və Qazaxıstanın ABŞ-la imzaladığı müqavilənin yalnız ABŞ-ın xüsusi yüklərinin Əfqanıstana daşınmasıyla bağlı olduğunu bildirib.
Məlumata görə, razılaşma əsasında Qazaxıstanın Aktau və Kurık limanları ABŞ gəmilərinin üzünə açılacaq. Amerikalıların Rusiyadan yan keçməklə Əfqanıstana yük daşınmalarında alternativ marşrut kimi həmin limanlardan istifadə edəcəyi deyilir.
Müvafiq razılaşmanın bugünlərdə ölkə prezidenti Nursultan Nazarbayev tərəfindən imzalanacağı gözlənilir. Sənəd özü isə 2018-ci ilin martında Qazaxıstan Senatında təsdiqlənib.
Əfqanıstana göndəriləcək xüsusi yüklərin nəqliyyat marşrutu ABŞ-ın təklifi əsasında Gürcüstan və Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsilə Qazaxıstana daşınacaq. Bundan sonra isə dəmir yolu vasitəsilə Özbəkistana, oradan da Əfqanıstana göndəriləcək.
Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəhbəri Kayrat Abrahmanovun açıqlamasına görə, razılaşma sırf qonşu Əfqanıstanda sülhün qorunmasına çalışan ABŞ-ın strateji tərəfdaşı kimi respublikanın maraqları çərçivəsində imzalanıb.
Bildirilir ki, 2018-ci ilin yanvar ayında prezident N.Nazarbayev Vaşinqtona etdiyi rəsmi səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb və danışıqlar əsnasında ABŞ-la münasibətlərin yeni strateji tərəfdaşlıq mərhələsinə keçdiyini açıqlayıb.