Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir
Gəncədə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir.
APA TV-nin qərb bürosunun məlumatına görə, Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında ilk konsert olub.
Festivalın bədii rəhbəri, SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək “Zəriflik” festivalının Gəncədə keçirilməsinin şəhərin ictimai həyatında böyük mədəni tədbir olduğunu deyib, musiqini çox sevən Zərifə Əliyevanın xatirəsinə həsr olunan festivalın Gəncədə hər il keçiriləcəyini bildirib.
Daha sonra konsert olub. Konsertdə Murad Adıgözəlov (piano), Fəridə Rüstəmova (violin), İlahə Sadıqzadə (piano), Fəridə Məmmədova (soprano), Şükür Səmədov (klarnet), Fərhad Bədəlbəyli (piano), Olqa Naqornaya (soprano, Ukrayna), Dmitri Yablonski (çello, ABŞ), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Anastasiya Barun (soprano, Rusiya) çıxış ediblər.
Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festival aprelin 30-a kimi davam edəcək.