BMCMİ əməliyyat keçirdi, iki silahlı şəxs yaxalandı

Azərbaycanda Gürcüstan vətəndaşından odlu silah götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli