Bakıda hündürmərtəbəli binada yanğın oldu
Bu gün Bakının Nəsimi rayonunun Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada yanğın baş verib.
APA TV-nin xəbərinə görə, yanğın binanın 13-cü mərtəbəsindən 20-ci mərtəbəsinədək olan geniş ərazini əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 25 ədəd texnikası və 100-ə yaxın canlı qüvvəsi cəlb olunub. Binanın hündürmərtəbəli olması və mürəkkəb konstruksiyada inşası yanğınsöndürənlərin işini bir qədər də çətinləşdirib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da əraziyə gəlib.
Hadisə yerində dərhal operativ qərargah yaradılıb. Eyni zamanda binanın yerləşdiyi ərazi üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Yanğın söndürüldükdən sonra fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə ilə bağlı açıqlama verib: "İlkin səbəbi araşdırırlar. Bir də qeyd eləmək istərdim ki, nə yaralanan, nə də xəsarət alan yoxdur. İndi mənə məlumat verdilər ki, bəzi informasiya mənbələri deyir kimsə oradan özünü atıb, ya nəsə. Hamısı tam əsassızdır və yalandır".
Qeyd edək ki, yanğın 3 saat ərzində davam edib və tam lokallaşdırılıb.