İrəvanda mitinqlər başa çatdı - PAŞİNYAN MƏQSƏDİNİ AÇIQLADI

Ermənistanın paytaxtı İrəvanda müxalifətin mitinqi başa çatıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

N.Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl İrəvandakı Respublika meydanında müxalifətin növbəti mitinqi keçirilib. Rusiya Dövlət Dumasının deputatları ilə görüşən müxalifət lideri N.Paşinyan xarici siyasətdə prioritetini də açıqlayıb. O, ölkənin Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasının, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv