Azərbaycanlı iş adamı Rza Zərrabın qardaşı da həbs olundu - TÜRKİYƏDƏ KORRUPSİYA QALMAQALI
Türkiyədə korrupsiya qalmaqalı ilə bağlı həbslər davam edir. Həbs olunanlar arasında müğənni azərbaycanlı iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərrab da var. Bundan başqa, dörd nazirin toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı iddianamə hazırlandığı, sənədin bu gün Türkiyə Böyük Millət Məclisinə təqdim olunacağı bildirilir. Toxunulmazlıq hüququndan məhrum ediləcək nazirlərin iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və ətraf mühit və şəhərsalma naziri, sabiq TOKİ başqanı Erdoğan Bayraktar olduğunu bildirilir. Hər üç nazirin övladları artıq həbs olunub. Dördüncü nazirin adı açıqlanmasa da, həmin şəxsin azərbaycanlı iş adamı Rza Zərrabdan 1,5 milyon dollar rüşvət aldığı və bu prosesin gizli kameralarla lentə alındığı bildirilir.
APA TV-nin xəbərinə görə, dekabrın 17-dən etibarən başlayan əməliyyat çərçivəsində 84 nəfər həbs olunub, həbs olunanlar arasında tanınmış simalardan tikinti kralı Əli Ağaoğlu, Fatih bələdiyyə başqanı Mustafa Dəmir, Xalq Bankın rəhbəri Süleyman Aslan, nazir Zəfər Çağlayanın aparat rəhbərləri Behcət Kaynar, Onur Kaya və osman Ağca, Taş Yapı şirkətinin sahibi Emrullah Turanlı da var.