FORMULA-1 BAŞA ÇATDI - Qalibə kuboku Azərbaycan prezidenti təqdim etdi
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıb.
APA TV-nin məlumatına görə, dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir. Sonra pilotların paradı və açılış mərasimi keçirilib.
Məlumat üçün bildirək ki, gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci “Mercedes-Benz” komandasının britaniyalı pilotu Luis Hamilton çatıb. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olub. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes-Benz” komandasının nümayəndəsinə təqdim edib.
İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.