İranın Suriyadakı bazası vuruldu - GÖZLƏR İSRAİLDƏ
Ötən gecə Suriyada Əsəd hökumətinə aid hərbi bazalara raket hücumu olub.
APA TV-nin məlumatına görə, hücum nəticəsində yanğın olduğu, nəticədə 38 insanın öldüyü, 57 nəfərin yaralandığı bildirilir.
Zərbələr Hama və Hələbdəki iki hərbi bazaya endirilib. Suriya dövlət televiziyasının "düşmənin raket hücumu" olaraq adlandığı hadisə ilə bağlı Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı 47-ci briqada bazasının hədəf alındığını açıqlayıb. "Reuters" xəbər agentliyi isə 47-ci briqada bazasının Suriya ordusu ilə birgə döyüşən və İranın dəstəklədiyi şiə milislərinin istifadəsində olduğunu yazıb.
Raket zərbələri nəticəsində silah anbarının vurulduğu güman olunur. Hadisə şahidləri ilk partlayışdan sonra yeni partlayışların baş verdiyini deyib. Güclü partlayışlar səbəbindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.
Hücuma görə rəsmən heç kəs ittiham olunmasa da, gözlər İsrailə çevrilib. Bundan öncə İsrail bir neçə dəfə Suriya ərazilərinə hava hücumu həyata keçirib. İsrailin "Haaretz" qəzetinin xəbərində hücumun arxasında İsrailin olduğu barədə iddia olduğu qeyd edilib.