Vaşinqtonun tarixi yerlərində Azərbaycan rəqsləri nümayiş olunub
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.
Səfirlikdən APA TV-yə verilən məlumata görə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində Tomas Cefferson Memorialı, Vaşinqton Abidəsi, Linkoln Memorialı və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirilib. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş milli musiqi bayramının tərkibi hissəsi olub.
Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inklüziv mədəniyyətini Azərbaycan Demokratik Respublikasının 100 illiyində təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirib.
İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Cefferson Memorialında başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib. Son olaraq Ağ Evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər. “Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval-ruhiyyəsinə qoşulublar.
Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atıb. Vaşinqtonun mərkəzində Azərbaycan rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.